Rinoplastika nədir?
Rinoplastika burnun formasını üzün digər cizgiləri ilə uyğunlaşdıran, eyni zamanda burun tənəffüsünü qoruyan və ya yaxşılaşdıran əməliyyatdır. Burnun skeletini təşkil edən sümük və qığırdaqlara yenidən forma verilir; lazım gəldikdə burun çəpəri (septum) və burun balıqqulaqları (konxalar) da eyni əməliyyat zamanı düzəldilir. Yaxşı nəticə təbii görünür: burun diqqəti özünə cəlb etməməli, üzə yaraşmalıdır.
Kimlərə uyğundur?
Rinoplastika burun belində donqar (qabarıqlıq), enli və ya sallanmış burun ucu, asimmetriya, əyri burun, həmçinin septum əyriliyi nəticəsində burun tutulması olan şəxslər üçün uyğundur. Üzün inkişafı başa çatmalı (qızlarda 16–17, oğlanlarda 17–18 yaş), ümumi sağlamlıq vəziyyəti narkoza imkan verməli, gözləntilər isə real olmalıdır. Siqaret sağalmanı ləngitdiyi üçün əməliyyatdan xeyli əvvəl tərgidilməlidir.
Müayinə və planlaşdırma
İlk qəbulda burun boşluğunun endoskopik müayinəsi aparılır, üz nisbətləri qiymətləndirilir və standart fotoşəkillər çəkilir. İstəkləriniz, burnunuzun anatomiyası və dərinizin qalınlığı birlikdə müzakirə olunur, plan da buna əsasən hazırlanır. Nəfəs alma problemi varsa, onun müalicəsi də həmin əməliyyata daxil edilir (septorinoplastika). Xaricdən gələn pasientlər fotoşəkilləri əvvəlcədən göndərə bilərlər ki, müayinə vaxtından səmərəli istifadə olunsun.
Açıq və qapalı texnika
Qapalı texnikada bütün kəsiklər burun dəliklərinin içində aparılır. Açıq texnikada isə əlavə olaraq burun dəlikləri arasındakı dəri körpüsündə (kolumellada) kiçik kəsik edilir və cərrah burun ucunu birbaşa görür; bu kəsik adətən demək olar ki, görünməyən iz qoyaraq sağalır. Seçim görüləcək işin həcmindən asılıdır: burun ucunda geniş həcmli düzəlişlər, təkrar əməliyyat və ya nəzərəçarpacaq dərəcədə əyri burun zamanı adətən açıq texnika, sadə donqar düzəlişlərində isə qapalı texnika seçilir.
Sağalma dövrü
Bir gecə xəstəxanada qalırsınız və ertəsi gün evə yazılırsınız. Xarici şina 5–7 gün qalır; daxili silikon şinalar qoyulubsa, onlar ilk həftə ərzində çıxarılır. Göz ətrafındakı göyərmələr 7–10 gün ərzində keçir və pasientlərin əksəriyyəti də elə bu müddətdə ofis işinə qayıdır. Yüngül gəzintiyə ilk gündən başlamaq olar; 3-cü həftədən kardio məşqlərə (sürətli yeriş, yüngül qaçış və s.) başlamaq və dənizdə üzmək, 2 aydan sonra hovuza girmək, 3-cü aydan sonra isə ağırlıq məşqlərinə qayıtmaq olar; buruna zərbə riski olan idman növlərinə isə cərrahın razılığı ilə başlanır — fərdi göstərişlər əsasdır. Burun belinə oturan eynəyin taxılma vaxtı osteotomiyanın aparılıb-aparılmamasından, sümüyün sağalmasından və cərrahi texnikadan asılıdır; cərrahınız başqa müddət bildirməyibsə, belə eynəyi 8 ay taxmaq olmaz, lazım gələrsə, bu müddətdə eynək alına lentlə bərkidilərək taxıla bilər. İlk həftələrdə uzun müddət günəş altında qalmaqdan da çəkinmək lazımdır. Şişkinliyin çox hissəsi 6–8 həftə ərzində çəkilir, burun ucunun incə konturları isə bir il ərzində yaxşılaşmağa davam edir.
Gebzedə (İstanbul yaxınlığında) rinoplastika
Müayinə və əməliyyatlar Gebzedəki Özel Yüzyıl Gebze Hastanesində aparılır. Gebze İstanbul metropoliten ərazisinin Asiya hissəsində, Sabiha Gökçen Beynəlxalq Hava Limanından təxminən 45 dəqiqəlik məsafədə yerləşir. Azərbaycandan və digər ölkələrdən gələn pasientlər üçün müayinə, əməliyyat və ilk təkrar baxışlar vahid cədvəl üzrə planlaşdırılır ki, səfər mümkün qədər qısa olsun. Türk, Azərbaycan, ingilis və rus dillərində ünsiyyət mümkündür.
Tez-tez verilən suallar
Rinoplastika əməliyyatı nə qədər davam edir, xəstəxanada qalmaq lazımdırmı?
Əməliyyatdan sonra nə vaxt işə qayıda bilərəm?
Rinoplastika ağrılı əməliyyatdırmı?
Nəticə nə vaxt bəlli olur?
Nəfəs alma problemim də həmin əməliyyatda aradan qaldırılırmı?
Yaş məhdudiyyəti varmı?
Bu mövzu haqqında daha ətraflı məlumat istəyirsiniz?
Ətraflı məqaləni oxu- Ishii LE, et al. Clinical Practice Guideline: Improving Nasal Form and Function after Rhinoplasty. Otolaryngol Head Neck Surg 2017. PubMed
Bu məqalə yalnız ümumi məlumatlandırma məqsədi daşıyır; diaqnoz və müalicə üçün həkiminizə müraciət edin.